Surah Al-Ahqaf Translate in Azerbaijani

Ha, Mim!
Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!
Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana də’vət edən öyüd-nəsihətdən) üz döndərdilər.
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur’andan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!
Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.
Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Qur’an) barəsində: “Bu, aşkar bir sehrdir!” – deyirlər.
Yoxsa onlar: “(Muhəmməd) onu (özündən) uydurmuşdur!” – deyirlər. (Ya Peyğəmbər!) De: “Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”
De: “Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
De: “Bir deyin görək, əgər (bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Qur’anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”
Load More