Surah Al-Furqan Translate in Azerbaijani

Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
Kafir olanlar: “Bu (Qur’an) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, - dedilər.
(Ya Rəsulum!) De: “Onu (Qur’anı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, (mö’minləri) bağışlayandır, rəhm edəndir!”
(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər mö’minlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
(Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!
(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını – (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
Load More