Surah Al-Hajj Translate in Azerbaijani

Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.
(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
Bu (insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi) ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!
Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!
İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.
O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!
(O zaman ona belə deyiləcək:) “Bu, (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”
Load More