Surah Al-Hujraat Translate in Azerbaijani

Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (mö’minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!
(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!
Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah (tövbə edənləri) bağışlayandır, rəhm edəndir!
Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!
(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!
Bu isə Allah dərgahından olan lütf və ne’mət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Əgər mö’minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!
Həqiqətən, mö’minlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!
Load More