Surah Al-Mujadala Translate in Azerbaijani

(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.
Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!
Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər bir şeyə şahiddir!
(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!
(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və ürəklərində: “(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!
Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!
Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!
Load More