Surah An-Nur Translate in Azerbaijani

Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!
Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).
Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir.
İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!
Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.
Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lə’nət eləsin!” (deməlidir).
Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.
Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lə’nət (qəzəb) eləsin!” (deməlidir).
Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
Load More