Surah Hud Translate in Azerbaijani

Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki
Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.
Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim də’vətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!
Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və mö’minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.
Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).
Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” – deyə cavab verərlər.
Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.
Əgər insana Özümüzdən bir ne’mət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, mə’yus (ümidsiz) və nankor olar.
Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” - deyər və sözsüz ki, sevinib öyünər.
Load More