Surah Yunus Translate in Azerbaijani

Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Qur’anın) ayələridir!
İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” dedilər.
Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir!
Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!
Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır.
Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların -
Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol ne’mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].
Onların oradakı (mö’minlərin Cənnətdəki) duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir.
Load More