Surah Al-Ahzab Translate in Azerbaijani

Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Rəbbindən sənə vəhy olunana (Qur’ana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!
Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!
Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mə’nasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!
Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. (Mö’minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö’minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında mö’minlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan mö’minlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).
(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki
(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!
Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.
O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır, münafiqlər isə e’tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).
Load More