Surah Al-Hadid Translate in Azerbaijani

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!
Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!
Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!
(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu babanız Adəmin belində, yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində) sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin – bu sizin üçün daha yaxşıdır!)
Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və’d buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
Load More