Surah Al-Maeda Translate in Azerbaijani

Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!
Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqə’də, zülhiccə və məhərrəm aylarına), (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] İhramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kə’bənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak ne’mətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə tə’lim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (tə’lim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!
Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!
Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!
Allahın sizə olan ne’mətini və: “Eşitdik və itaət etdik”, - dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!
Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!
Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini və’d buyurmuşdur!
Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
Load More